Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi ağacəkmə aksiyası keçirib
Martın 16-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq “Gələcəyimiz üçün 100 ağac əkək” devizi altında ağacəkmə aksiyası keçirilib.
Keçirilən aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji tarazlığın bərpasına və yaşıllıqların artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir. Aksiya çərçivəsində Agentliyin rəhbərliyi və kollektivi tərəfindən təhkim olunan sahələrdə 400-ə yaxın müxtəlif növ ağac tingi əkilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılması nəzərdə tutulan beş Milli Prioritetdən biri “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” kimi müəyyənləşdirilib. Eyni zamanda ölkə başçısının 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”
publik hüquqi şəxsin mətbuat xidməti