Babək rayonunda vətəndaş qəbulu keçirilib

25.12.2024, 15:50 image

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov Babək rayonunda vətəndaşları qəbul edib

Qəbuldan əvvəl Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin İdarə heyətinin sədri Bəhruz Əsgərov və Babək rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Babək rayonu İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Babək rayonu və ətraf kəndlərdən olan vətəndaşların müraciət və şikayətləri dinlənilib. Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşın müraciəti dinlənilərək Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”

publik hüquqi şəxsin mətbuat xidməti

YAXŞI YOL...