22 fevral - Avtomobil yol işçilərinin peşə bayramı münasibətilə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının mükafatlandırılması ilə bağlı tədbir keçirilib

20.02.2026, 17:25 image

Tədbirdən öncə Agentliyin kollektivi Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər. Sonra ulu öndərin adını daşıyan muzey ziyarət olunub. Dahi rəhbərin ölkəmizə rəhbərliyi dövründəki ictimai-siyasi fəaliyyəti, eləcə də şərəfli ömür yolu barədə kollektivə ətraflı məlumat verilib.

 

Daha sonra Agentliyin iclas zalında keçirilən tədbiri giriş nitqi ilə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyyətinin sədr müavini, sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov açaraq Agentliyin kollektivini 22 fevral - Avtomobil yol işçilərinin peşə bayramı münasibətilə təbrik edib, çətin və məsuliyyətli işlərində onlara uğurlar arzu edib.

 

Nihad Qurbanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə avtomobil yollarının bərpası və yenidən qurulması, yeni yol şəbəkələrinin çəkilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Dahi rəhbərin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasını uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də bu sahənin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirmişdir. Ölkəmizdə müasir avtomobil yolları çəkilmiş, dövlət başçısının imzaladığı sərəncamlara, qəbul olunan dövlət proqramlarına uyğun olaraq yol-nəqliyyat infrastrukturunun yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.

 

Son illər muxtar respublikada da müasir standartlara uyğun avtomobil yolları salınmış, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilmiş, Agentliyin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş və yol təsərrüfatının yenidən qurulmasında istifadə olunan keyfiyyətli məhsulların istehsalına nail olunmuşdur.

 

“Naхçıvan Avtomobil Yolları Dövlət Agentliyi” muxtar respublikada yolların müasir standartlar səviyyəsində əsaslı təmir olunması işlərinə xüsusi diqqət yetirmişdir. Bu cür yolların inşası və müasir səviyyədə yenidən qurulması regionların inkişafına müsbət təsirini göstərir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz hərəkətini təmin edir.

 

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı çərçivəsində bir neçə yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarında əsaslı təmir işləri aparılmışdır. Belə ki, 2025-ci ildə ümumilikdə 56 kilometr uzunluğunda avtomobil yolları əsaslı təmir olunmuş və əhalinin istifadəsinə verilmişdir. Yerli və kənddaxili yolların əsaslı şəkildə yenidən qurulması, sərnişin və yükdaşımaların keyfiyyətinin artırılmasına, iqtisadiyyatın inkişafına və turizm potensialından daha səmərəli istifadəyə şərait yaratmışdır.

 

Tədbirin sonunda ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayan, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsində yaxından iştirak edən agentliyin bir qrup əməkdaşına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin fəxri fərmanlar təqdim olunub.